AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Cocuq Mərcanlı və Arayatılı kəndlərinə media-tur təşkil olunub

Oktyabrın 24-də Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və “Moran Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşəbbüsü ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə və Füzuli rayonunun Arayatılı kəndinə media-tur təşkil olunub. Media-turu keçirməkdə məqsəd əkinçiliklə məşğul olan kənd sakinlərinə mineral gübrələrin və sertifikatlı toxum məhsullarının pulsuz paylanılmasını müşahidə etmək, eləcə də qabaqcıl pambıqçılarla görüşmək idi.

AZƏRTAC xəbər verir ki, media nümayəndələri əvvəlcə Cocuq Mərcanlı kəndində olublar. Burada keçirilən tədbirdə “Aqrolizinq” ASC-nin, “Moran Aqro” MMC-nin, Cəbrayıl Dövlət Aqrar İnkişaf Mərkəzinin və Füzuli Rayon İnkişaf Mərkəzinin nümayəndələri və Cocuq Mərcanlı kəndinin sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən “Aqrolizinq” ASC-nin İdarə heyəti sədrinin müavini Ziya Vəliyev bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi Cocuq Mərcanlı sakinlərinə hər zaman xüsusi diqqətlə yanaşıb, onların mineral gübrələrlə, toxumlarla təminatına böyük önəm verib. Bugünkü tədbir də məhz bu məqsədlə keçirilir. Yerli sakinlərə ödənişsiz gübrə və sertifikatlı toxum verilir. Bu ilin martında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sakinlərə pulsuz gübrə paylanılıb. 72 vətəndaşa 24 ton ammonium nitrat və 16 ton ammofos olmaqla, 40 ton mineral gübrə verilib. Bu gün isə “Aqrolizinq” ASC və “Moran Aqro”nun birgə dəstəyi ilə 51 ailəyə 13,6 ton ammofos gübrəsi paylanılacaq.

Sonra kənd sakinlərinə 13,6 ton mineral gübrə və 10 ton sertifikatlı toxum pulsuz paylanılıb.

Cocuq Mərcanlı kənd sakini Sevda Abbasova ona ayrılmış bir hektar sahədə taxıl əkini ilə məşğuldur. Sertifikatlı toxum alan kənd sakini deyib: “Sağ olsun dövlətimiz, bizim üçün hər cür şərait yaradıb. Gördüyünüz kimi, Kənd Təsərüfatı Nazirliyi, onun “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən pulsuz gübrə və toxumla təmin olunuruq, özü də kəndimizdə. Kəndliyə nə lazımdır?! Bizə qalır əkinə qulluq etmək. Biz sakinlər torpağa bağlıyıq, inşallah bunun bəhrəsini də görəcəyik”.

Cocuq Mərcanlı kəndinin digər sakini Bağdad Təbrizoğlu bu yazda pulsuz toxum aldığını bildirib. O, bu dəfə gübrə götürdüyünü qeyd edərək deyib: “Bizim üçün hər cür şərait yaradılıb. Dövlət deyir ki, gübrəni, toxumu mən verirəm, onu əkib-biçmək sizlikdir. Yaradılan şəraitə görə və bu işdə zəhməti olan hər kəsə təşəkkürümüzü bildiririk. Qoy dost da, düşmən də görsün ki, dövlətimiz, Prezidentimiz bizə necə qayğı göstərir”.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova AZƏRTAC-a açıqlamasında deyib: “Bildiyiniz kimi, “Aqrolizinq” ASC rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışını həyata keçirir. Fevral-may aylarında ilk səyyar satışdan 257 kənd üzrə 1643 vətəndaş yararlanıb, 11 min tona yaxın mineral gübrə satılıb. Sentyabrın 10-dan başlayan və oktyabrın 22-dək davam edən ikinci səyyar satış zamanı isə 338 kənd üzrə 3505 vətəndaşa xidmət göstərilib, 1991 tondan çox mineral gübrə satılıb. Hazırda bölgələrdə səyyar gübrə satışı davam edir”.

Şöbə müdiri qeyd edib ki, səyyar satış qaydalarında və qiymətlərdə dəyişiklik olunmayıb. Vətəndaşlar yalnız tələb olunan sənədləri təqdim edərək 70 faiz güzəştlə mineral gübrə əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir və insanların banklara üz tutmasına ehtiyac qalmır.

Daha sonra media nümayəndələri Füzuli rayonunun Arayatılı kəndində pambıq sahəsində qabaqcıl fermerlərlə görüşüblər.

On hektar sahədə pambıq becərən fermer Səfayil Səfərov pambıqçılığın gəlirli sahə olduğunu bildirərək deyib: “Birinci yığımdan 6500 manat gəlir götürmüşəm. Tarlada gördüyünüz insanlar həm öz kəndimizdən, həm də qonşu kəndlərdən gəlib işləyirlər. Təxminən 20-25 nəfərdir. Gündə adambaşına 10-15 manat qazanırlar. Hazırda sahədə ikinci yığım aparılır. Məhsulun yetişdirilməsi zamanı dövlətimiz bizə çox dəstək olub. “Aqrolizinq” tərəfindən güzəştli şərtlərlə gübrələr verilib, sahəmizi vaxtlı-vaxtında suvarmışıq. İndi də bunun bəhrəsini görürük”.

Rayonun qabaqcıl fermerlərindən biri də Mirmürvət Abbasovdur. O, bizimlə söhbət zamanı dedi ki, ötən il 30 hektarda, bu il isə 40 hektarda pambıq əkib: “Mən keçən il 30 hektardan 30 min manat gəlir görtürmüşdüm. Bu il, inşallah, gəlirim daha çox olacaq. Pambıqçılıq kənd sakinlərinin məşğulluğunun təmin olunmasında da böyük rol oynayır. Hətta qonşu kəndlərdən gəlib işləyənlər də var. Bütün bu işləri biz dövlətin qayğısı sayəsində görürük. Yəni dövlət bizə şərait yaratmasa, 40 hektarda pambıq əkib-becərə bilməzdim”.

Fermerlər onlara aqroservis xidmətləri göstərən “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin işindən də razılıq etdilər. Hazırda Səhmdar Cəmiyyətin 9 regional nümayəndəliyi, 44 rayon bölməsi və 3 təchizat bazası fəaliyyət göstərir. Onlar “Aqrolizinq” ASC tərəfindən respublikaya gətirilən kombaynların, traktorların və digər kənd təsərrüfatı texnikalarının komplektləşdirilməsini, istifadə edilməsini və lizinq yolu ilə satışını həyata keçirirlər. Bu ilki əkin və becərmə zamanı texnika təminatı və 70 faiz güzəştlə pestisid satışı yüksək səviyyədə təmin edilib. Məhsul yığımında 140 müasir tipli kombayn iştirak edir, daşınmaya traktor və qoşqu vasitələri də cəlb olunub.

Füzulinin Mahmudlu-2 kəndindən olan mexanizator Ramin Qurbanov deyir ki, günə 7-8 hektar ərazidə biçin aparır, hər hektara 10 manat gəliri olur. İndiyədək 200 hektarın taxılını biçib. “P-Aqro”nun işçisi olan Ramin Qurbanov müasir kombaynı “Aqrolizinq” ASC-dən güzəştli şərtlərlə götürüb.

Pambıq sahələrində çalışan kənd sakinləri ilə görüş də maraqlı oldu. Onlar da gördükləri işdən, qazanclarından razılıqla danışırdılar. Cahan Fərhadova Beyləqanın Əmirseyidli kəndindəndir. O, topladığı pambığın çəkisindən asılı olaraq gündəlik 15-16 manat qazandığını deyir: “Yəni 100 kiloqrama 15 manat gəlirimiz olur. İndi ikinci yığım aparırıq. Dövlətimizdən çox razıyıq. Əvvəllər evdə boş oturardıq, amma indi işləyir, vaxtlı-vaxtında pulumuzu alırıq”...

Artıq axşam düşür, pambıqçılar bugünkü işlərini yekunlaşdırırdılar. Jurnalistlər onlarla sağollaşaraq, Cocuq Mərcanlı və Arayatılı kəndlərinə təşkil olunan media-turun xoş təəssüratları ilə Bakıya yola düşdülər.

 

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений