AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


“DƏMYƏ BÖLGƏLƏR ÜÇÜN YENİ TAXIL SORTLARININ YARADILMASI VƏ TOXUMÇULUĞUN TƏŞKİLİ” MÖVZUSUNDA ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, nazirliyin yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti və Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən iyunun 7-də Qobustan rayonunda “Dəmyə bölgələr üçün yeni taxıl sortlarının yaradılması və toxumçuluğun təşkili” mövzusunda elmi-praktik seminar keçirilib.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında keçirilən elmi-praktik seminarda Qobustan, Şamaxı, Ağsu, Quba, Xaçmaz, Şabran, Xızı və Qəbələ rayonlarının kənd təsərrüfatı idarələrinin rəisləri, mütəxəssislər və fermerlər iştirak ediblər.

Seminarda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev çıxış edərək, aqrar sahədə aparılan elmi-tədqiqatlar, onların nəticələrinin tətbiqi və elmlə istehsal arasında səmərəli, çevik əlaqələrin yaradılmasının əhəmiyyəti barədə ətraflı məlumat verib.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov elmi-praktik seminarın işinə uğurlar arzulayaraq ölkəmizdə qeyri-neft sektorunun inkişafından, ərzaq təhlükəsizliyi ilə əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən, dövlətimizin başçısının konkret tapşırıqlarından bəhs edib.


Seminarda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Yeni taxıl sortlarının dəmyə şəraitində potensial məhsuldarlığı və ona təsir edən amillər”, Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov “Qobustan BTS-də aparılan tədqiqatlar” barədə çıxış ediblər. Bildirilib ki, dünyada taxılın orta məhsuldarlığı 30 sentner təşkil edir. Artıq Azərbaycanda da orta məhsuldarlıq bu səviyyəyə çatdırılıb. Buna baxmayaraq, strateji məhsul olan taxılçılığın inkişafına göstərilən dövlət dəstəyi, bu sahəyə ayrılan subsidiyalar daha yaxşı nəticələr əldə etməyə imkan yaradır. Bu gün tez yetişən sortlar böyük səmərə verir. “Qobustan”, yeni rayonlaşdırılan “Qızıl buğda” sortları bu baxımdan çox sərfəlidir. Quraqlığa davamlı olan həmin buğda sortları vegetasiya dövrünü tez qurtarır. Əlbəttə, məhsuldarlıq üçün qara herik də çox vacibdir.

Qeyd olunub ki, yeni sortların yaradılması, toxum istehsalı sahəsində Qobustan Bölgə Təcrübə Stansiyasında böyük işlər görülür. Burada dənli bitkilərdən arpa və buğdanın, dənli-paxlalı bitkilərdən isə ərzaq noxudunun seleksiyası aparılır. Bu sahədə tədqiqatlar üç istiqamətdə - Əkinçilik Elmi-Tədqiqat İnstitutundan daxil olan F2 hibrid materialları, beynəlxalq seleksiya mərkəzlərindən daxil olan, habelə yerli şəraitdə aparılan h
ibridləşmədən alınan materiallar əsasında həyata keçirilir. Son illər bu materiallar əsasında buğdanın “Ruzi 84”, “Qızıl buğda”, “Ləyaqətli 80”, arpanın “Dəyanətli”, “Qüdrətli 48”, ərzaq noxudunun “Sultan” sortları yaradılıb.

Bunlar əvvəlki sortlardan fərqli olaraq tez yetişir, xəstəliyə və quraqlığa davamlıdır. Məhsuldarlıqları isə orta hesabla 7-10 sentner çoxdur. Mərkəzdə, həm də müasir texnologiya ilə həmin sortların elit toxumları istehsal olunur. Hər il kənd təsərrüfatı bölgüsü əsasında toxumçuluq fermer təsərrüfatlarına orta hesabla 300-350 ton toxum satılır.

Çıxışlar zamanı bildirilib ki, seleksiyaçı alimlər tərəfindən Azərbaycanda istehsal olunan taxılın, habelə meyvə və tərəvəzin keyfiyyətinə görə xarici ölkələrdəki məhsullardan üstün olduğu sübut edilib.

Seminarda Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin informasiya məsləhət xidməti və aqrar sektora texniki dəstək şöbəsinin müdiri Leyli Ağayeva “İnformasiya-məsləhət xidmətinin aqrar sahədə rolu” barədə danışaraq, fermerlərə kənd təsərrüfatının müxtəlif sahələrində informasiya-məsləhət xidmətlərinin göstərilməsinin zəruriliyini qeyd edib. Bu məqsədlə Qubada “Fermer evi” pilot layihəsinin həyata keçirildiyini bildirib.

Sonra müzakirələr aparılıb, suallara aydınlıq gətirilib.

Sonda Qobustan Bölgə Təcrübə Stansiyasında təcrübə sahələrinə baxış keçirilib.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений